• İQTİSADİYYAT

    10:21 6 mart 2019

Əli Əhmədov: “2018-ci ildə Azərbaycanın qeyri-neft sənayesi 2 faizdən çox artıb”

2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb.

ONA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli forum”da çıxış edərkən deyib.

Onun sözlərinə görə, ümumi 1,4 faizlik iqtisadi artımdan Azərbaycanın qeyri-neft sənayesi daha sürətlə - 2 faizdən yuxarı artım nümayiş etdirib: “Bu da ondan xəbər verir ki, artıq Azərbaycanda iqtisadiyyatın diversifikasiyası və neft amilindən asılılığının azaldılması istiqamətində həyata keçirilən islahatlar öz nəticəsini verməkdədir”.

Ə.Əhmədov kənd təsərrüfatında iqtisadi artımın 3 faizdən yuxarı olduğunu vurğulayıb: “Güman edirəm ki, Dünya Bankının təklifləri əsasında və bugünkü müzakirələr nəticəsində Azərbaycan iqtisadiyyatının diversifikasiyası ilə əlaqədar, xüsusən də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində özəl sektorun əhəmiyyətlini daha qabarıq şəkildə göstərən tezislər ortaya qoyulacaq”.

Baş nazirin müavini onu da qeyd edib ki, ölkədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir: “Bu, bir yandan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir, digər yandan Azərbaycanda iqtisadi artımın təmin edilməsində ən mühüm alətlərdən biridir. Üçüncü bir məqam da iş yerlərinin təminatı baxımından kiçik və orta sahibkarlığın həddən artıq böyük əhəmiyyət kəsb etməsi ilə əlaqədardır. Bu, Azərbaycan reallığında daha mühüm əhəmiyyət kəsb edir, çünki ölkədə əhali yüksək templə artır. Hər il Azərbaycanın əmək bazarına 100 mindən yuxarı, yəqin ki, qarşıdan gələn bir neçə il ərzində 120 minə yaxın iş qüvvəsi daxil olacaq. Təbii ki, bu qədər iş qüvvəsinin işlə təmin olunmasında ən mühüm alətlərdən biri kiçik və orta sahibkarlığın inkişafı etdirilməsi ilə əlaqədardır”.

Ə.Əhmədov vurğulayıb ki, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün hüquqi bazanın, maliyyə resurslarına çıxışın təmin edilməsi, kiçik və orta sahibkarlığın müxtəlif təsirlərdən qorunması, eyni zamanda onların istehsalının ixrac potensialının artırılması təmin edilməlidir: "Bütün bunların hamısı nəticə etibarilə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına gətirib çıxaracaq ki, bu da diversifikasiya istiqamətində atılan addımların daha ciddi nəticələr verməsinə gətirə biləcək".

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR