• İQTİSADİYYAT

    14:00 15 may 2019

Əli Əhmədov: "Azərbaycan ekologiya sahəsində biznes strukturların icra edəcəyi layihələrə dəstək verməyə hazırdır"

Azərbaycan hökuməti ekologiya sahəsində biznes strukturların icra edəcəyi layihələrə dəstək verməyə hazırdır.

ONA-nın xəbərinə görə bunu “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda təşkil olunan tədbirdə çıxış edən baş nazirin müavini Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bir neçə ildən sonra dünyada içməli su qıtlığı daha ciddi şəkildə özünü göstərəcək.

"Bir neçə onillikdən sonra dünyanın qarşısında duran ən böyük məsələ içməli su problemi olacaq. Bu, digər təbii qaynaqlardan daha böyük əhəmiyyət kəsb edəcək. Azərbaycanın su qaynaqları da məhduddur, eyni zamanda biz ölkədən kənardan gələn su mənbələrinə əhəmiyyətli dərəcədə möhtacıq. Bütün bu təbii qaynaqlardan daha səmərəli istifadə edilməsi, ekologiyaya diqqət yetirilməsi üçün hesab edirəm ki, biznes strukturları diqqətlərini artıra, vəsaitin artırılması ilə bağlı qərarlar qəbul edə bilərlər", - deyə Ə .Əhmədov qeyd edib.

O həmçinin bildirib ki, bu sahədə qanunvericiliyin də təkmilləşdirilməsi əhəmiyyət kəsb edir.

"Əgər ekoloji məsələlərin həlli üçün biznes strukturları vəsait ayırırsa, qanunvericilikdə onlar üçün müəyyən güzəştlər nəzərdə tutulmasına ehtiyac var. Bu məsələlər də ciddi şəkildə müzakirə oluna bilər. Azərbaycan hökuməti ekologiyanın yaxşılaşdırılması istiqamətində böyük layihələr həyata keçirir. Biz istəyərdik ki, biznes strukturları, özəl sahələr bu layihələrin həyata keçirilməsində hökumətə dəstək olsunlar, beləliklə də Azərbaycanın ekologiyasının yaxşılaşdırılması üçün daha böyük layihələrin həyata keçirilməsi üçün maliyyə mənbələri formalaşsın", - deyə Ə. Əhmədov qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR