• İQTİSADİYYAT

    13:09 24 dekabr 2020

Elman Rüstəmov: “Əminik ki, manatın bütün ərazimizdə işləməsi təmin olunacaq”

“Əminik ki, bütün ərazimizdə manatın işləməsi təmin olunacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

AMB sədri bildirib ki, qeyri-müəyyən şəraitdə çevik qərarlar vermək qarşımızda duran əsas məsələdir: “Azərbaycan qələbənin təsiri ilə özünün intibah dövrünü yaşayacaq. Ölkəmiz həmin ərazilərin inkişaf etdirilməsi ilə özünün beynəlxalq nüfuzunu daha da gücləndirəcək”.

Mərkəzi Bankın sədri onu da deyib ki, ümumilikdə 2020-ci ildə Azərbaycan iqtisadiyyatı daxili və xarici şoklara adekvat cavab verib.

AMB sədri bildirib ki, dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmaq, azad olunmuş ərazilərin yenidən qurulması işlərinə başlanması əsas vəzifələrdəndir: “Növbəti ildə büdcə xərcləri kontrsiklik olmaqla sabitliyə yönəlib. Son illər büdcə kəsirinin artması müəyyən narahatlıq doğurur. Onun qeyri-dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsi bunu deməyə əsas verir. Büdcə kəsirinin daha dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsinə ehtiyac var. Gələn ilə 3-4 % inflyasiya proqnozlaşdırırıq. Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR