“Cənab prezidentin əhalinin həm valyutada, həm də manatda olan kreditlərin kompensasiya mexanizmini müəyyənləşdirməsi maliyyə sektorunun sağlamlaşdırılmasına əhəmiyyətli təsir göstərəcək, lakin problemi aradan tam qaldırmayacaq”.
ONA-nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli forum”da çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu sahədə Mərkəzi Bank Dünya Bankı ilə əməkdaşlığa hazırdır və bütövlükdə maliyyə sektorunun bütün seqmentlərinin (sığorta, lizinq, qiymətli kağızlar bazarı və s.) inkişafı istiqamətində çox ciddi strategiya həyata keçirilməsinə ehtiyac var.
"Milli valyuta 2018-ci ildə öz dayanıqlığını göstərdi. Baxmayaraq ki, qonşu ölkələrdə, ətrafda çox ciddi proseslər getdi, il ərzində neftin qiymətlərində yüksək volotillik var idi və bütövlükdə əhali psixoloji olaraq buna reaksiya verir. Lakin manatın məzənnəsi sabit olaraq qalır. Ölkənin çox ciddi xarici mövqeləri var, keçən il bu mövqelər əlavə olaraq möhkəmlənib və bu il də davam etdirilir" - deyə o qeyd edib.
Mərkəzi Bankın sədri onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatı kiçik iqtisadiyyatdır: "Daxili tələbat vasitəsilə böyük iqtisadi potensial və ciddi iqtisadi dinamikaya nail olmaq mümkün deyil. Bunun üçün hökmən xarici bazarlara çıxmalıyıq. Xüsusi olaraq qeyd etməliyəm ki, xarici ticarətdə ən başlıca məsələ texnologiya mübadiləsi, bilgi alış-verişi, menecment idxalı və ixracıdır".