“Güzəştli kreditlərin bir hissəsi bankların mövqelərini bağlamaqdan ötrü Mərkəzi Bank tərəfindən qiymətli kağızlarla əvəz olunacaq”.
ONA-nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, devalvasiya effektinin aradan qaldırılmasına verilən vəsaitlərin bir hissəsi isə əgər vətəndaşların kredit borcları varsa, o borcların ödənilməsinə yönəldiləcək: “Yəqin ki, biz bir müddətə bütün o informasiyanı banklardan toplayacağıq. Bildiyiniz kimi, Maliyyə Bazarına Nəzarət Palatasına tapşırılıb ki, borcların siyahısını, xarakterini müəyyənləşdirəndə biz bazara çıxa biləcək pulun həcmini müəyyənləşdirə biləcəyik və o aspektdə tədbirlərimizi görəcəyik. Əgər birinci mənbəyə baxsanız, büdcə vəsaitləri hesabına ödənilməsi nəzərdə tutulur. Mən düşünürəm ki, mövcud olan maliyyə mənbələri emission xarakter daşımır”.
E.Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank özünün bütün alətlərindən istifadə edəcək ki, bazarda pul kütləsi artmasın.