Türkiyədə siyasi vəziyyət lirənin dəyərinin düşmə ehtimalını qalxma ehtimalından daha çox edir. Təəssüf ki, Türkiyədə dollar uzun perspektivdə bahalaşmaqda davam edəcək. Çünki buna ciddi əsaslar var. Bunu ONA-ya iqtisadçı ekspert Elman Sadıqov bildirib.
Ekspertin sözlərinə görə, ilk ciddi əsasın Türkəyənin 175-180 milyard dollar ekvivalentində xarici valyutada qısamüddətli borcunun olmasıdır. Çox güman ki, bu borcların böyük hissəsinin vaxtı uzadılacaq. Xüsusilə, avroda olan borclar. Avropa Türkiyədə xüsusilə maliyyə sahəsində hər hansı böhranın olmasında maraqlı deyil. Çünki bu böhranın Avropanın maliyyə sektoruna yoluxma ehtimalı yüksəkdir. Bu səbəbdən Avropaya olan borclar böyük ehtimalla uzadılacaq: “Həmçinin bu borcların faizlərini və xərclərini də hesablayanda 15-20 milyard dollar əlavə faiz borcunun yarandığını görmək olar”.
Elman Sadıqovun sözlərinə görə, Türkiyənin hazırda korporativ sahədə ümumi xarici borcu (faiz və xərcləri nəzərə alınmaqla) 200 milyard dollar ekvivalenti ətrafındadır: "Bu borc bir il bundan öncə də təqribən bu səviyyədə idi. Hal-hazırda ciddi bir azalma yoxdur. Əslində əsas problem həmin borcların ödənməsi deyil. Çünki deyildiyi kimi vaxtı uzadılacaq. Əsas məsələ Türkiyənin riski artdığı üçün həmin kreditlər üzrə faiz və xərclərin səviyyəsi artır ki, bu da əlavə yük yaradır. Digər tərəfdən isə yeni kreditlərin cəlbi çətinləşir. Üçüncü bir məsələ bundan ibarətdir ki, hələ də tədiyyə balansında mənfi saldo var. Türklər buna cari açıq deyilər. Bu göstərici azalıb, amma hələlik bu cari açıq qalmaqdadır. 12 aylıq bu cari açıq tədiyyə balansında təqribən 21 milyard ətrafında mənfi saldo yaradır. Bu göstəricinin yayda azalma ehtimalı var. Belə ki, yayda Türkiyəyə gələcək turistlərin sayında Türkiyənin tarixində rekord sayda olacağı gözlənilir deyə iqtisadçı bildirib. Onun sözlərinə görə, ruslar üçün Türkiyəyə viza ləğvi məsələsi də gündəmdə olduğu üçün Rusiyadan Türkiyəyə gələcək turistlərin sayında rekord artım gözlənilir".
Ekspertin fikrincə, nəzərə alsaq ki, hazırda da Türkiyəyə girişdə də Rusiya və digər ölkələrdən olan turistlər üçün sadə prosedurlar mövcuddur və turizm sahəsində xidmət sektorunda böyük bir potensial var: "Ucuz lirə amilini də nəzərə alsaq turist axının böyük olacağı ehtimalı bir qədər də artır. Bu lirə və maliyyə sektoru üçün də əhəmiyyətli bir oksigen rolunu oynayacaq və vaxt qazanmaq üçün imkan yaradacaq. Yay aylarında Türkiyədə kənd təsərrüftı məhsulları ixracı artacağı və daxili tələbatın böyük hissəsini ödəyəcəyi üçün ərzaq idxalı qış aylarına nisbətən azalacaq. Həmçinin turizmin müsbət təsiri lirəyə yay aylarından oktyabr-noyabr aklarına qədər çox da olmasa müəyyən qədər dəyər qazandıracaq. Lakin bu dəyər qazanma yüksək olmayacaq və ən yaxşı halda lirə 5,20 səviyyələrinə qədər arta bilər. Bütün bu amilləri nəzərə alsaq, yaxın zamanlarda (xüsusilə yay aylarında) lirədə kəskin düşmə gözlənilmir".
Elman Sadığov onu da əlavə edib ki, payıza qədər qazanılan bu vaxtdan istifadə edilərək bir sıra məsələlərin həlli, o cümlədən monetar siyasət məsələləri, faizlərin düşürülməsi ilə bağlı ciddi tədbirlər görülməsə, tədiyyə balansı mənfidən müsbətə qısa müddətdə keçməsə həm turizmin həm də kənd təsərrüfatı mövsümünün bitməsini nəzərə alsaq, lirənin məzənnəsinə ciddi bir şəkildə təzyiq gözlənilir.
Qeyd edək ki, hazırda 1 dollar 5,6769 lirə təşkil edir.