“İstifadəçilər öz fərdi məlumatlarını qoruyarkən daha mürəkkəb parollardan istifadə etməlidir”.
ONA-nın məlumatına görə, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, parollar heç bir an kənar şəxslərin yanında daxil edilməməlidir. "Yəni istifadəçilər bu kimi sadə və təhlükəsizlik tədbirlərə riayət etməlidirlər ki, sabah hər hansı bir fəsad ortaya çıxmasın. Bizim Nazirliyə müraciətlər daxil olur, xüsusən də, sosial şəbəkələrlə bağlı. Nazirliyin Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu sahədə öz köməkliyini göstərir, itirilmiş hesabların qaytarılması üçün onlara yardımçı olur", - deyə E. Vəlizadə qeyd edib.
Nazir müavininin sözlərinə görə, hər bir istifadəçi öz fəaliyyətində kibertəhlükəsizlik mədəniyyətinə riayət etməlidir. "Onu bilmək lazımdır ki, sosial şəbəkədə olan hesaba və yaxud elektron poçtuna daxil olmaq üçün parollar ilk növbədə kimlərinsə əlinə keçə bilər və nəticədə istifadəçinin hesablarından məlumatlar, fotoşəkillər və digər məlumatlar oğurlana bilər. Belə halların baş verməməsi üçün hər bir istifadəçi öz məsuliyyətini hiss etməlidir və öz məlumatlarını qorumalıdır", - deyə nazir müavini bildirib.