Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni anlaşma memorandumunun layihəsini müzakirə edib.
Nazirlikdən ONA-ya verilən məlumata görə, qeyd olunan məsələyə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev IFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə Baş regional meneceri Yan van Bilsenlə görüşü zamanı toxunulub.
Yeni anlaşma memorandumun layihəsi əməkdaşlığın gələcək istiqamətləri müəyyən edəcək.
S. Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması üçün risk əsaslı nəzarət mexanizminin yaradılması işlərinin aparıldığını deyib. O bu sahədə işlərə dəstək məqsədilə ötən dövr ərzində IFC tərəfindən 4 ekspert missiyasının Azərbaycanda səfərdə olduğunu bildirib. Nazir Xidmətin risk əsaslı nəzarət modelinə keçidi üçün zəruri institusional bazanın hazırlanmasında IFC ekspertlərinin qabaqcıl dünya təcrübəsindən irəli gələn tövsiyələrinin əhəmiyyətini qeyd edib.
IFC-nin "Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi"ndən də bəhs olunub. Layihənin əmək müfəttişlərinin peşə bacarıqlarının artırılmasına, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyaların və prosedurların mənimsənilməsinə və s. dəstək baxımından da önəmi vurğulanıb.
Y. Bilsen əmək, məşğulluq və sosial müdafiə sahələrində ölkəmizdə aparılan islahatları dəstəklədiklərini, IFC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında fəal əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.