Bu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 58 988 vətəndaş müraciəti cavablandırılıb.
Nazirlikdən ONA-ya verilən məlumata görə, müraciətlərin 28 262-i məktub və ərizə ilə e-qaydada, 27 378-i 142 “Çağrı mərkəzi” vasitəsilə, 1 180-i iş telefonlarına, 2 168-i sosial şəbəkələr ("Facebook", "Instagram") ilə edilib. Nazirliyin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 7 266 nəfər olub. Onlardan 200 nəfəri (o cümlədən bölgələrdə qəbullar zamanı 85 nəfər) nazir tərəfindən qəbul edilib.
Vətəndaşların nazirliyə etdikləri, həmçinin fərdi qəbullar zamanı müraciətlər bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, tibbi-sosial ekspertiza və reabilitasiya, elektron xidmətlərdən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı olub.
Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərlə əlaqədar aydın şəkildə izahatlar verilməsi təmin edilib.