Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 mart 2019-cu il tarixində İmişli şəhərində vətəndaş qəbulu keçirəcək. ONA-nın Komitəyə istinadən verdiyi məlumata görə, vətəndaş qəbulu saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İmişli rayonu ilə yanaşı Beyləqan, Ağcabədi və Füzuli rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı qeyd edilən bölgələrin əhalisinin müraciətlərinə baxılacaq.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya (050) 800-50-65 nömrəsi ilə əlaqə saxlaya bilərlər.