Əqli Mülkiyyət Agentliyində geniş tərkibli iclas keçirilib.
ONA-nın məlumatına görə, toplantıda Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov təşkilatın fəaliyyət sahəsinə aid olan bir sıra qanunvericilik aktlarına, o cümlədən “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunun mahiyyəti və əhəmiyyəti haqqında məlumat verib.
Bildirilib ki, vaxtilə “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunlara edilmiş dəyişikliklərə əsasən, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı dövlət adından bir sıra hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumları haqlara keçirilib və dövlət rüsumunun miqdarları “Dövlət rüsumu haqqında” qanundan çıxarılıb.
Bununla yanaşı, Əqli Mülkiyyət Agentliyi fəaliyyətə başladıqdan aparılan təhlillər nəticəsində məlum olub ki, “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunların müvafiq maddələrində haqlarla əvəz edilən dövlət rüsumları içərisində “Dövlət rüsumu haqqında” qanunun 1-ci maddəsinin və 2.0.6-cı yarımbəndinin müddəasının tələblərinə uyğun olmayaraq, ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər ilə bağlı ödənilməli olan dövlət rüsumları da haqla əvəz edilib və həmin dövlət rüsumlarının məbləğləri də həmin Qanunun 18-ci maddəsindən çıxarılıb, həmçinin dövlət rüsumundan haqlara keçirilən qiymətlər tənzimlənməmiş qalıb. Tənzimlənməyən rüsumların alınması Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən daxili əmrlə və yaxud müqavilə bağlanılması yolu ilə həyata keçirilib ki, bu da rüsum fəlsəfəsinə ziddir.
“Dövlət rüsumu haqqında” qanuna edilmiş hazırki dəyişiklik Agentlik tərəfindən yerli və beynəlxalq təcrübə nəzərə alınmaqla araşdırmalar aparılıb, dövlətin maraqları baxımından qanunvericilikdə olan uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə müvafiq təkliflər əsasında edilib.
Agentliyin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara edilmiş son dəyişikliklərin tətbiqi barədə məlumat verib.
Qeyd edək ki, qanunvericilik aktlarına edilən bu dəyişikliklər ölkəmizdə aparılan iqtisadi islahatlar çərçivəsində həyata keçirilir və əqli mülkiyyət sisteminin inkişafına əhəmiyyətli təsir göstərəcək.