• İQTİSADİYYAT

    12:38 9 aprel 2019

"Əşrəfi", "Dan Ulduzu" və "Aypara" sahələrində tədqiqat işlərinə yayda başlanacaq

Norveçin “Equinor” şirkəti "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində seysmik tədqiqat işlərini 2019-cu ilin ortalarında həyata keçirəcək.

ONA-nın Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının dərc etdiyi “Market Analysis Azerbaijan 2019” adlı xüsusi nəşrinə istinadən verdiyi məlumata görə, “Equinor” şirkəti "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində tədqiqat işlərinin operatoru olaraq ərazidə 2-Ölçülü/3-Ölçülü seysmik işlərin aparılmasını planlaşdırır.

Bundan başqa, "Equinor" SOCAR-la "Qarabağ" yatağının işlənməsi üzrə layihədə bərabər pay bölgüsündə də iştirak edir.

Nəşrdə bildirilir ki, bu yataq üzrə ilk məhsulun alınması 2021-ci ildə reallaşacaq.

“Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər böyükdür. Bu yataqda hasilat və qazma işlərinin aparılması üçün yeni dəniz özülü inşa edilir. Yataqda ilk buruq "Dədə Qorqud" yarımdalma qazma qurğusunun reaktivasiyasından sonra qazılacaq. Qurğunun reaktivasiyası "Caspian Drilling Company" (CDC) dəniz bazasında və CDC-nin mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Reaktivasiyanın yekunlaşması və qazma işlərinə başlanması 2019-cu ilin III rübündə nəzərdə tutulub.

Qeyd edək ki, “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakıdan 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

Emil

Teqlər:

SON XƏBƏRLƏR