“Kaspersky Lab” şirkətinin İsveçrədə fəaliyyət göstərən Şəffaflıq və Məlumat Mərkəzinin xidmətləri Azərbaycan müəssisələri üçün əlçatan oldu. Bunu ONA-ya şirkətin baş direktoru Yevgeni Kasperski deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələ ötən həftə Bakıda bir sıra dövlət rəsmiləri ilə keçirilən görüşlərin müzakirə mövzusu olub.
“Səfər çərçivəsində biz nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil naziri Ceyhun Bayramov və vergilər naziri Mikayıl Cabbarovla görüşdük. Danışıqların əsas mövzusu bizim məlumat şəffaflığına dair qlobal təşəbbüsümüz oldu. Bildiyiniz kimi, biz 2018-ci ilin noyabr ayında İsveçrədə Avropalı istifadəçilər üçün Şəffaflıq və Məlumat Mərkəzini açdıq. Layihənin əsas məqsədi bizim bütün prosesləri həm hazırkı, həm gələcək müştərilərimizə, həm də geniş ictimaiyyətə daha da açıq etməkdir”, - deyə E. Kasperski bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, Şəffaflıq Mərkəzində etibarlı tərəfdaşlara və hökumət nümayəndələrinə müxtəlif proqram təminatların kodlarını və yeniləmələrini yoxlamaq imkanı təklif edilir: “Mərkəzin işə yeni başlamasına baxmayaraq, biz artıq avropalı rəsmilərdən və müştərilərimizdən Mərkəzin fəaliyyəti ilə bağlı müsbət rəylər əldə etmişik. Bizim mərkəzlərimizdə Azərbaycanın nümayəndələrini görməkdən məmnun olardıq”.