Fitosanitar sahəsində dövlətin vəzifələri artırılıb.
ONA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev bu gün “Fitosanitar nəzarəti haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında Qanunu təsdiqləyib.
Dəyişikliklə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirlər gömrük orqanları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.
Fitosanitar tədbirləri və dövlət fitosanitar xidmətləri hüquqi və fiziki şəxslərin vəsaiti, könüllü ödənişlər və donor təşkilatların texniki-maliyyə yardımı hesabına ödənilir. Təklif edilən dəyişikliyə əsasən, həmin tədbirlərə və xidmətlərə (“Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulanlar istisna olmaqla) görə alınan xidmət haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən ediləcək.