2018-ci il dövlət büdcəsi gəlirlərinin mədaxil mənbələri üzrə proqnozunun icrası fiziki şəxslərdən gəlir vergisi üzrə 1 196,0 mln. manat proqnoza qarşı icra 995,9 mln. manat və ya 16,7% az olub. ONA-nın məlumatına görə, bu, "Azərbaycanın 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.
Fiziki şəxslərdən gəlir vergisinin hesablanan məbləği 1 092,5 mln. manat təşkil edib ki, bunun da 91,2%-i dövlət büdcəsinə təmin edilib. Bu tədiyə növü üzrə proqnozun kəsirlə icra olunmasının əsas səbəbi 2019-cu il 1 yanvar tarixinə vergi ödəyiciləri tərəfindən artıq ödənilən vergilərin azalması və hesablanan vergilərin artıq ödəmə hesabına bağlanması, habelə "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş çərçivəsində və "Şahdəniz" layihəsi ilə bağlı işlərin yekunlaşması ilə əlaqədar bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin işçi sayında ixtisarların getməsi, xarici subpodratçıların sayının azalması hesabına hasilatın pay bölgüsü sazişləri üzrə podratçı və xarici subpodratçı təşkilatlar üzrə əvvəlki illə müqayisədə 82 mln. manat az vəsaitin dövlət büdcəsinə daxil olması ilə bağlıdır.
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 2 533,0 mln. manat proqnoza qarşı icra 2 499,6 mln. manat və ya 1,3% az olub ki, bu da 2017-ci illə müqayisədə 213,8 mln. manat və ya 9,4% çoxdur.
Proqnozun kəsirlə icra olunmasının əsas səbəbi "Azəri" və "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü Sazişləri çərçivəsində və "Şahdəniz" layihəsi ilə bağlı işlərin yekunlaşması və müəssisəyə məxsus qurğuların 2018-ci il ərzində istifadə olunmaması ilə əlaqədar bu sahədə fəaliyyət göstərən xarici subpodratçılar tərəfindən ödənilən mənfəət vergisinin (mənbədə tutulan vergi) azalması ilə bağlı olub.
Bu tədiyə növü üzrə daxil olan vəsaitin 52,3%-i və ya 1 307,2 mln. manatı qeyri-neft sektorunu, 47,7%-i və ya 1 192,4 mln. manatı neft sektorunun payına düşüb. Neft sektoru üzrə mənfəət vergisindən daxilolmaların 176 mln. manatı SOCAR-ın, 1 016,4 mln. manatı isə neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatların payına düşüb.