Bakıda keçirilən "Formula 1" yarışları paytaxtın kirayə bazarına təsir etməsə də, şəhərin mərkəzində yerləşən mənzillərin gündəlik kirayə qiymətinə təsir göstərəcək. Bunu ONA-ya daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, adətən, bu cür ictimai tədbirlər keçirilən zaman paytaxtın mərkəzə yaxın olan ərazilərində gündəlik kirayə verilən mənzillərin qiymətində ciddi dəyişikliklər olur.
Ekspert bildirib ki, bunu Novruz bayramı və digər bu kimi bayramlarda da müşahidə etmək olar: "Hesab edirəm ki, "Formula 1" yarışlarında da oxşar prosesi müşahidə edəcəyik. Şəhərin mərkəzində yerləşən bəzi mənzillərin güdəlik kirayə qiyməti 30-40%, bəzilərində isə iki dəfəyə yaxın artacaq".
R. Osmanlı qeyd edib ki, adi hallarda günü 80 manata təklif olunan mənzillər bu cür tədbirlər zamanı 120-160 manata təklif olunur.
"Həmçinin, "Formula 1" yarışlarına baxmaq üçün yarışın trasına çıxan mənzillərin eyvanlarının da kirayə verilməsi kimi anlayış mövcuddur. Lakin, eyvanların kirayəsi ilə bağlı xüsusi araşdırmanın aparılmasının qeyri-mümkün olduğundan belə eyvanların sayını və kirayə qiymətlərinin neçəyə olacağını demək bir qədər çətindir", - deyə ekspert bildirib.