Fransanın sayca üçüncü iri bankı olan "Societe Generale" rentabelliyin artırılması üçün 1 600 əməkdaşını ixtisar edəcəyi ilə bağlı məlumat yayıb.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ixtisarlar bankın hələ fevral ayında açıqladıqları plana daxil edilib. İxtisarlardan sonra bankın 500 mln. avro və ya 563 mln. ABŞ dolları məbləğdə qənaət edəcəyi bildirilir.
"Fevralın əvvəlində biz həm korporativ, həm də investisiya bankçılığını təhlil etdik. Əsas məqsədimiz bu biznesin rentabilliyini bərpa etmək və onun dəyərini kapitalından yüksək olmasını təmin etməkdir", - deyə bankın baş direktorunun müavini Severin Kabann bildirib.
"Societe Generale"nin planlarına əsasən, ümumilikdə, Fransada bankın 750 nəfər işçisi könüllü şəkildə ixtisar olunacaq. Digər ixtisarlar isə bankın xarici ölkələrdəki nümayəndəliklərində olacaq. Əsas ixtisarların Nyu-York və Londonda olacağı gözlənilir.