• İQTİSADİYYAT

    14:12 23 may 2019

Gələn həftə Bakıda "Xəzər Neft və Qaz" beynəlxalq sərgisi keçiriləcək

Bu ilin 29 may – 1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri – 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçiriləcək.

Sərginin təşkilatçısı olan “Iteca Caspian” şirkətindən ONA-ya verilən məlumata görə, bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 290 şirkət iştirak edir və bu ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr. Almaniya, Belarus Respublikası və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim edəcəklər. İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər. Ilk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılacaq.

Ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edən Rusiya İxrac Mərkəzi Rusiyanın ən qabaqcıl şirkətlərinin nümayəndələrini öz stendində bir araya gətirəcək. Bu il öz ekspozisiya sahələrini genişləndirmiş “Halliburton”, “Schlumberger” və “Worley Parsons” kimi şirkətlər sərgi qonaqlarına öz innovativ məhsul və xidmətlərini təqdim edəcək. İştirakçıların ümumi sayının 24%-ni təşkil edən debütantlar arasında Azərbaycan, Çin, Qazaxıstan, Türkiyə, Monako, Niderland Krallığı, Hindistan və digər ölkələr var. Şirkətlər neft və qaz avadanlığı, uniforma və digər məhsul və xidmətləri təqdim edəcəklər.

Bundan əlavə, 30-31 may tarixlərində Xəzəryanı regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransı keçiriləcək. Konfrans “Xəzər Neft və Qaz” sərgisinin tərkib hissəsidir və neft-qaz sektorunun rəhbərləri ilə yanaşı, bu sektor ilə əlaqədar olan müxtəlif sahələrin rəhbərləri üçün də əsas platformadır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 500 nəfərə yaxın nümayəndə iştirak edəcək.

Konfransın məruzəçiləri arasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə prezidenti Hari Cons, “Nobel Upstream” şirkətinin icraçı direktoru cənab Lari Beyts, SOCAR-ın vitse-prezidentləri, “Petronas” şirkətinin regional rəhbəri və başqaları yer alır.

Qeyd edək ki, 29 may – 1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində energetika və bərpa olunan enerji sənayesi nailiyyətlərinin nümayiş olunması sahəsində Xəzəryanı regionun ixtisaslaşmış tədbiri – 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2019” sərgisi keçiriləcək. Sərginin rəsmi dəstəyini Azərbaycan Respublikası Energetika Nazirliyi təmin edir. Həmçinin bu il ilk dəfə olaraq “Azərenerji” ASC sərgiyə rəsmi dəstək verir.

Sərgi iştirakçıları arasında Azərbaycan, Belarus, Rusiya, Türkiyə və digər ölkələrdən energetika sahəsində aparıcı texnologiya təchizatçıları yer alır. Sərgidə Kozlov adına Minsk Elektrotexnika Zavodu, “Energomera” konserni, “Luna” elektrik şirkəti və digər eksponentlər tərəfindən transformatorlar, kabellər, elektrik avadanlıqları, enerjiyə qənaət üzrə ən son texnologiyalar və s. məhsullar təqdim olunacaq. Sərginin bölmələri arasında isə energetika və elektrotexnika, alternativ enerji mənbələri, kabel-ötürücü məhsulları, işıqlandırma yer alır.

“Caspian Power 2019” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim ediləcək və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq mümkün olacaq.

Emil

Teqlər:

SON XƏBƏRLƏR