“Diqlas” ticarət mərkəzində yanğından zərərçəkmiş sahibkarlara ödənişlərin edilməsinə növbəti həftədən başlanılacaq. ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir ödənişlərin “Kapital Bank” vasitəsilə həyata keçiriləcəyini diqqətə çatdırıb və bildirib ki, Prezidentin Ehtiyat Fondundan ilkin vəsaitlər ayrılıb: “Vergi və gömrük orqanları tərəfindən sahibkarlara dəymiş məbləğin həcmi müəyyənləşdiriləcək. Sözügedən vəsaitlər vasitəsilə ilkin ödənişlərin həyata keçirilməsinə başlayacağıq”.
Nazir onu da bilidirib ki, baş vermiş hadisə ilə bağlı Prezident İlham Əliyev ötən gün müşavirə keçirib və lazımi tapşırıqlar verib: "Prezidentin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyində işçi qrup yaradılıb. Göründüyünüz kimi, artıq işçi qrupu fəaliyyətə başlayıb. Təşkilatı işlər görülüb, sahibkarlarla əlaqə saxlanılıb. Sahibkarlar tam rahat şəkildə qəbul edilirlər. Onlara suallardan ibarət anket verilir və cavablar nəticəsində biz onların problemləri ilə bağlı məsələləri araşdırırıq. Eyni zamanda, sahibkarlara maddi dəstəkdən başqa güzəştli kreditlərin verilməsi də təklif olunur. Onlara güzəştli kreditlərin şərtləri haqqında məlumat verilir. Güzəştli kreditlər kifayət qədər əlverişlidir. Belə ki, kreditlər 1-4% ilə uzun müddətə veriləcək”.