Finlandiyanın paytaxtı Helsinki şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 70-ci iclası keçirilir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən ONA-ya verilən məlumata görə, iclasda QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Tədbirdə Şuranın 69-cu iclasının qərarlarının həyata keçirilməsi, 2018-ci ildə və 2019-cu ilin birinci rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri və digər məsələlər müzakirə olunur. İclasın sonunda yekun protokolu imzalanacaq.
Tədbir çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, Helsinki dəmir yolu vağzalı ilə tanışlıq da nəzərdə tutulub.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.