“İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun layihələri müvafiq qanunlarla təsdiq edilsə də, bu fondların icrası ilə bağlı parlament qarşısında hesabatlılıq təmin olunmayıb”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söyləyib.
V.Gülməmmədov deyib ki, Hesablama Palatası dövlət vəsaitlərindən istifadəyə nəzarətin tamlığının təmin edilməsi, hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə bu sahədə də müvafiq dəyişikliklərin edilməsini təklif edir.