Hesablama Palatasına yeni cərimələr tətbiq etmək səlahiyyəti verib.
ONA-nın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyər zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət predmeti ilə əlaqədar aidiyyatı tərəflərə göndərilmiş Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.
Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatlarının dayandırılması barədə Hesablama Palatasının təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 2000 manatadək cərimə olunacaq.
Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə əlaqədar Hesablama Palatasının fəaliyyətinə mane olmaya görə vəzifəli şəxslər 400 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 1500 manatadək cərimə ediləcək. Bura Hesablama Palatasının əməkdaşlarının kənar dövlət maliyyə nəzarəti obyektlərinə daxil olmasına maneçilik törədilməsi, kənar dövlət maliyyə nəzarəti tədbirinin aparılmasına, elektron informasiya sistemlərinə çıxış imkanlarının yaradılmaması və ya buna maneçilik törədilməsi, kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfndən Hesablama Palatasının sorğularının tələb olunan qaydada cavablandırılmaması, zəruri məlumatların və sənədlərin, habelə “Hesablama Palatası haqqında” qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və bank sirrini təşkil edən sənəd və məlumatların, fərdi məlumatların vaxtında və tələb edilən səviyyədə təmin edilməməsi və ya gecikdirilməsi, yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsi, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, vergi və statistik uçot hesabatlarının vaxtında təqdim edilməməsi, hesabatlarda informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsi nəzərdə tutulur.
Qeyd edək ki, indiyə qədər İnzibati Xətalar Məcəlləsində yalnız Hesablama Palatası sədrinin qərarı ilə dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsinə dair müddəa yer alıb. Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar bu müddəa ləğv edilir.
Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə edilib.