• İQTİSADİYYAT

    12:27 5 aprel 2019

Hesablama Palatasının 2018-ci il üzrə hesabatı Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Dövlət satınalmaları, dövlət zəmanəti üzrə verilmiş kreditlərlə bağlı ciddi problemlər bundan öncəki illərdə də, keçən il də üzə çıxarılıb”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2018-ci il üzrə hesabatı ilə bağlı baş tutan müzakirələrdə millət vəkili Vahid Əhmədov söyləyib.

O deyib ki, Dövlət Neft Fondunun xaricdə yerləşdirdiyi vəsaitlərdən çox az gəlir əldə edilib: “Ona görə də xahiş edirəm ki, Hesablama Palatası Dövlət Neft Fondunun gəlir və xərcləri ilə bağlı hesabatı parlamentə təqdim etsin”.

Millət vəkili bildirib ki, dövlət qurumları tenderlər keçirilmədən satınalmalar həyata keçirir: “Bu sahədə ciddi problemlər var və buna da görə də bunun qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. O cümlədən aşkarlanan nöqsanlar artırsa, Hesablama Palatasının dövlət büdcəsinə bərpa etdiyi vəsaitlər də artırılmalıdır”.

V.Əhmədov nəzərə çatdırıb ki, Hesablama Palatasının hesabatında kənd təsərrüfatı sahəsinə sığortanın tətbiqi təklif olunub: “Belə bir qanun layihəsinin hazırlanması barədə məlumatlar verilsə də, hələ bir nəticə yoxdur. Ona görə də hökumətdən belə bir qanun layihəsinin hazırlanması və konkret müddətdə parlamentə təqdim olunması istənilməlidir”.

Deputat ünvanlı dövlət sosial yardımı ilə bağlı internet üzərindən müraciət prosedurundan da danışıb: “Hesablama Palatasının hesabatında ünvanlı dövlət sosial yardımla bağlı çoxsaylı nöqsanların aşkarlandığı qeyd edilib. Bu sahədə problemlərlə biz də rastlaşırıq. Tutaq ki, Qubanın Xınalıq kəndində, başqa dağ kəndlərində internet işləmir, o kəndlərdə ünvanlı dövlət sosial yardımı almalı olan insanlar var. Bu insanlar nə etməlidir? Ünvanlı dövlət sosial yardımla bağlı internet üzərindən müraciət tələbi qoyulanda bunları da nəzərə almaq lazımdır. Hər şeyi elektronlaşdırmaqla kənd camaatını ünvanlı dövlət sosial yardımdan məhrum edə bilərdik. Onsuz da hazırda ünvanlı dövlət sosial yardımı ilə bağlı şikayətlər çoxdur. Deputat kimi mənə müraciətlərin əhəmiyyətli qismi də məhz ünvanlı dövlət sosial yardımı ilə bağlıdır. Hesablama Palatası apardığı yoxlamalarda da bunu göstərib. Ona görə Hesablama Palatası bu sahəyə nəzarəti daha da artırmalıdır”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, həqiqətən Neft Fondunun xaricdə yerləşdirdiyi vəsaitlərin gəlirlilik faizi aşağıdır: “Ancaq ən vacib məsələ kənd təsərrüfatında mühasibat uçotunun təkmilləşdirilməsidir. Mühasibat uçotu təkmilləşdirilməlidir”.

Deputat Əli Məsimov bildirib ki, Hesablama Palatasının hüquq-mühafizəyə orqanlarına göndərdiyi təkliflərin daha ciddi araşdırılması üçün Milli Məclis də müəyyən addımlar atmalıdır: “İri dövlət qurumları Hesablama Palatasının tövsiyələrinə niyə əməl etmirlər? 3 il əvvələ də baxsaq, həmin dövlət qurumlarına 2018-ci ildə olduğu kimi eyni tövsiyələr verib. Digər tərəfdən, Hesablama Palatası qanunvericilikdə dəyişiklik edilməsi ilə bağlı təkliflər təqdim edir. Milli Məclisdə bu təkliflərə niyə baxılmır? Milli Məclis də bu təkliflərə diqqət yetirməlidir”.

Z.Səmədzadə deyib ki, hər il nöqsanların 30-35 faizinin büdcə qanunvericiliyin pozulması ilə bağlı olur: “Bu nöqsanları törədən dövlət qurumları hesabat verməlidir. Milli Məclisin Maliyyə Nazirliyi ilə birgə dinləmələr keçirməsi vacibdir”.

Müzakirələrin sonunda Hesablama Palatasının 2018-ci il üzrə hesabatı Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasına tövsiyə edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR