Sığorta yığımlarında könüllü növlərin çəkisi üstünlük təşkil edib.
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, sığorta haqlarının 74 faizi (536,1 milyon manat) könüllü, 26 faizi (191,8 milyon manat) isə icbari sığorta növlərinin payına düşür. 2017-ci illə müqayisədə könüllü sığorta növləri üzrə 42,5 faiz (160 milyon manat), icbari sığorta növləri üzrə isə 4,8 faiz (8,8 milyon manat) artım olub. Eyni zamanda həyat sığortası üzrə sığorta haqları 341 milyon manat (ümumi sığorta haqlarının 46,8 faizi) təşkil edib ki, bu da 2017-ci ilə müqayisədə 61 faiz çoxdur. Bu, əsasən yaşam sığortası üzrə təklif edilən Veri güzəştləri və imtiyazlar hesabına olub. 2018-ci il ərzində qeyri-həyat sığortası üzrə yığımlar 12 faiz artaraq 387 milyon manat təşkil edib.
Hesabatda bildirilir ki, 2017-ci illə müqayisədə ümumi həyat sığortası üzrə ödənişlər 25 faiz (32,5 milyon manat) azalaraq 98,1 milyon manat olub. Məsələ həm də ondadır ki, 2014-cü il həyat yığım sığortası üzrə müqavilələrin bağlanmasının pik dövrünə təsadüf edib və 2017-ci ildə bu müqavilələrin 3 illik müddəti bitib.
Qeyri-həyat sığorta sinifləri üzrə ödənişlərdə isə artım müşahidə edilib.
Bu sinfi üzrə ödənişlər 2017-ci illə müqayisədə 9,2 faiz (12 milyon manat) artaraq 142,2 milyon manat olub.