• İQTİSADİYYAT

    02:14 10 mart 2021

Hökumət: Bakıda, digər şəhər və rayonlarda sənədsiz evlərin inventarlaşması aparılır

Azərbaycanda sənədsiz yaşayış evlərinin inventarlaşdırılması həyata keçirilir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib. Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.

Hesabatda nəzərə çatdırılır ki, hazırda həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. Eyni zamanda yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanılır.

Sənəddə qeyd edilib ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR