İşğaldan azad olan ərazilərə dəmir yolu xəttinin çəkilməsi işləri sürətlə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun bir hissəsi artıq hazırdır.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Horadizdən başlayaraq çəkilən yeni dəmir yolu xətti Cəbrayılın kəndlərinə qədər tam bərpa olunub. Bura qədər olan dəmir yolu ilə ilkin olaraq yolun çəkilişində istifadə olunan tikinti materialları daşınır.
Məlumata görə, dəmir yolu xəttinin dövlət sərhədinə qədər olan hissəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən əvvəl Bakı-İrəvan, Bakı-Naxçıvan qatarları bu yolla hərəkət edib. Cəbrayıl və Zəngilan işğalda olduğu müddətdə dəmir yolu xətti sökülərək daşınıb.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə veriləcəyi açıqlanıb.
Bu il fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Dəmir yolu xəttinin ümumi uzunluğu 100 kilometrdir.