Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökumətinə ölkəyə uyğunlaşdırılmış və beynəlxalq təcrübəyə əsaslandırılmış dövlət-biznes dialoqu üzrə dəstək verəcək. ONA-nın xəbərinə görə bunu "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda bu gün Bakıda keçirilən konfransda çıxışı zamanı IFC-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.
Onun sözlərinə görə, IFC-nin Azərbaycana təklifi dövlət-özəl dialoqu platformasının eyni vaxtda iki məqsəd və vəzifəyə xidmət göstərən və bu cür platformanın maksimum səmərə və effektivliyini təmin edən ikidə bir yanaşma əsasında qurulur.
"Birincisi, ümumi investisiya mühitinin yaxşılaşdırılması və biznes mühitində islahatların gündəliyinin müəyyən etmək üçün milli dövlət-özəl platforması kimi xidmət etmək. İkincisi isə, tənzimləyici təsirin qiymətləndirilməsi, ictimai məsləhətləşmələr və əlaqələndirilmə proseslərində ictimai məsləhətləşmələrin və əlaqələndirmənin bir hissəsi kimi “Doing Business” qaydalarının asanlaşdırılmasında, qanunvericiliyin və düzəlişlərin hazırlanması və təşviqində, onların biznes mühitə və ölkənin ümumi iqtisadiyyatına təsirin təhlilində, habelə onların Milli Məclis və aidiyyəti nazirlik və qurumlar qarşısında müdafiə edilməsində rol oynamağını təklif edirik", - deyə A. Əzimova qeyd edib.