“Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olub”.
ONA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxış edərkən deyib.
Ölkə başçısı bildirib ki, yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilib: “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu, mümkün olmazdı. Yəni bu layihələrin icrası və ümumiyyətlə, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz sürətlə inkişaf etməyə başlayıb. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli – bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaq”.