"Azərbaycan ənənəvi olaraq enerji sektorunun inkişafına böyük diqqət göstərir. Ancaq bizim əsas məqsədimiz qeyri-enerji sektorunun inkişafıdır. Bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir və son illərdə bu istiqamətdə addımlar atılıb".
ONA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumunda çıxışında deyib.
Ölkə başçısı bildirib ki, Polşa-Azərbaycan biznes dairələrinin birgə fəaliyyəti nəticəsində bu sahəyə də diqqət göstəriləcək: “Biz bu gün kənd təsərrüfatı sahəsində artıq nəticə hasil etmişik və saziş imzalanıb. Polşanın bu sahədəki təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Bizim ölkəmizin inkişafı, o cümlədən iş yerlərinin yaradılması üçün kənd təsərrüfatının çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, biz bu sahədə sürətli əməkdaşlıq aparmaq üçün yaxşı imkanlara malikik”.
Prezident İlham Əliyev qeyd edib ki, son illərdə Azərbaycanda turizmin inkişafı geniş vüsət alıb: “Polşa vətəndaşları sadələşdirilmiş viza rejimi əsasında ölkəmizə gələ bilirlər. Hesab edirəm ki, qarşılıqlı təqdimatlar keçirilməlidir. Yəni, insanlarımız bir-birilərini daha yaxından tanımalıdır ki, turizm daha da sürətlə inkişaf etsin və qarşılıqlı səfərlər həyata keçirilsin.
Beləliklə, yüksək səviyyəli siyasi əlaqələr imkan verir ki, biznes sahəsində də yaxşı nəticələr olsun. Hazırda aramızdakı ticarət dövriyyəsi bizim potensialımızı əks etdirmir. Ticarət dövriyyəsini artırmaq üçün, ilk növbədə, biznes dairələri daha fəal olmalıdırlar, biz isə öz tərəfimizdən onlara hər zaman dəstək veririk. Prezident cənab Andjey Duda ilə bugünkü biznes forumdakı iştirakımız bu dəstəyin növbəti təzahürüdür”.