“Azərbaycanda, ümumiyyətlə, biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var. Dünya Bankı da bunu qeyd edir”.
ONA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumunda çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib ki, Dünya Bankının “Doing Business 2019” hesabatında biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerdədir və 10 ən islahatçı ölkə arasındadır: “Ona görə sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm qeyri-neft sektoruna on milyardlarla dollar sərmayə qoyulmuşdur. Xarici sərmayələr lazımi səviyyədə qorunur və hər bir ölkə üçün bu, önəmlidir. Çünki biznes mühitinin yaxşılaşdırılması nəticəsində həm iş adamları özlərini daha rahat hiss edirlər, həm də dövlətlər daha böyük fayda götürür”.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar imkan verir ki, biz öz maliyyə imkanlarımızı genişləndirək: “Xarici dövlət borcu aşağı səviyyədədir, biz çalışırıq ki, daha da aşağı səviyyəyə endirək. Hazırda bu, ümumi daxili məhsulun 19 faizini təşkil edir. Biz beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edirik və onlar Azərbaycanda gedən islahatlara müsbət qiymət verirlər”.
Dövlət başçısı deyib ki, ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır: “Çünki yollar, kommunikasiyalar olan yerlərdə əlbəttə ki, biznes dairələri də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin icrasına çox böyük diqqət yetirilir. Hesab edirəm, bu sahədə əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş adamlarının fəaliyyətini yüngülləşdirir. Yol tikintisi, qazlaşdırma, elektrik enerjisi ilə bağlı aparılan bütün bu işlər, o cümlədən biznes üçün gözəl şərait yaradır”.