IMEI qeydiyyat sistemində olan bəzi boşluqlar Azərbaycana mobil cihazların qeyri-qanuni daxil olmasına zəmin yaradır. Bunu ONA-ya "MiMobile" şirkətinin İdarə Heyətinin üzvü Cümşüd Əliyev deyib.
Onun sözlərinə görə, qaçaqmalçılıqla ölkəyə gətirilən mobil telefonlara əsasən Qərb bölgəsində fəaliyyət göstərən pərakəndə satış nöqtələrində rast gəlmək olar.
“Hətta Gürcüstandan gətirilən və mağazalara təklif olunan mobil cihazların qiymət cədvəlinin belə gürcü dilində olduğuna, qiymətlərin isə dollarda göstərildiyinə rast gəlmək mümkündür. Qiymətlərə baxdıqda, məhsulların kontrabanda yolu ilə ölkəyə gətirildiyinə şübhə qalmır. Qaçaq yollarla əsasən IMEI kodları olmayan mobil telefonlar gətirilir. Bu telefonlara mövcud sistemdə olan IMEI kod yazılır və onlar 15-16 manat dəyərində satışa çıxarılır”, - deyə C. Əliyev bildirib.
C. Əliyevin onu da qeyd edib ki, kommersiya məqsədi ilə idxal olunan hər cihazın IMEI koduna görə 1,6 manat və əlavə olaraq 18% ƏDV ödəyirlər.
“Cihazların əksəriyyətində 2 IMEI kodun mövcud olduğunu nəzərə alsaq, o zaman onların hər ikisinin qeydiyyatına 3,2 manat və əlavə olaraq 18% ƏDV ödənilir. Nəticə etibarı ilə ümumi məbləğ 3,77 manat təşkil edir, halbuki idxal olunan mobil cihazların IMEI kodlarının qeydiyyatı üçün qanunvericilikdə dövlət rüsumundan başqa ödəniş nəzərdə tutulmayıb”, - deyə C. Əliyev əlavə edib.
C. Əliyev bildirib ki, kontrabanda yolu ilə ölkəyə gətirilən mobil telefonların satış qiymətindən gömrük rüsumunu, ƏDV-ni və təxmini gəliri çıxsaq, o zaman bir telefonun maya dəyəri 4-5 manata bərabər olur ki, bu da qeyri-mümkündür: "Sual yaranır - bu telefonlar qeydiyyata necə düşür? Təəssüf ki, cavabdeh qurumlar buna yetərincə nəzarət etmirlər”.