• İQTİSADİYYAT

    15:12 10 aprel 2019

IMF son 10 ildə dünya ÜDM-nin artım tempi üzrə ən aşağı proqnozunu verib

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund - IMF) 2019-cu ildə dünya iqtisadiyyatının artımının 3,3% səviyyəsində olacağını proqnozlaşdırır, halbuki yanvar ayında Fond sözügedən göstəricinin 3,5% təşkil edəcəyini gözləyirdi.

ONA-nın IMF-in aprel proqnozlarına istinadən verdiyi məlumata görə, bu, son 10 il ərzində Fondun dünya iqtisadiyyatının artım sürətinə dair ən aşağı proqnozudur. Belə ki, 2009-cu ildə dünya üzrə ÜDM 0,1% azalıb. 2008-2009-cu illərdə dünya iqtisadiyyatı Amerikanın “Lehman Brothers” investisiya bankının iflasından başlayan maliyyə böhranı ilə üzləşib.

IMF 2019-cu ilə olan proqnozuna yenidən baxılmasını Avrozona, Latın Amerikası, ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya da daxil olmaqla aparıcı iqtisadiyyatlara təsir göstərən mənfi dəyişikliklərlə izah edir. Belə ki, 2019-cu ildə ABŞ iqtisadiyyatının artım proqnozu yanvar proqnozuna nisbətən 2,5%-dən 2,3%-dək, Avrozonanın 1,6%-dən 1,3%-dək, Böyük Britaniya üçün 1,5%-dən 1,2%, Kanada üçün isə 1,9%-dən 1,5%-dək endirilib.

Rusiya iqtisadiyyatı üçün artım proqnozu eyni qalıb – 1,6% səviyyəsində.

IMF-in məlumatına görə, qlobal artım riskləri sırasında beynəlxalq ticarət siyasətində gərginliklər, Çin iqtisadiyyatının artım sürətinin azalması və “Brexit” ilə əlaqəli risklər yer alır.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR