Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin ilkin nizamnamə fondu 500 min manat olacaq və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılacaq.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında əksini tapıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
İnnovasiyalar Agentliyinin Strukturu da təsdiqlənib. Agentliyin strukturuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin Aparatı, İnnovasiyalar Agentliyinin filialları, o cümlədən Yüksək Texnologiyalar Mərkəzi, İnnovasiya Mərkəzi, laboratoriyalar, inkubatorlar daxildir.
Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi innovasiya fəaliyyəti, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (o cümlədən startapların) təşviq edilməsi, onların qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) ilə maliyyələşdirilməsi, innovasiya təşəbbüskarlığının təbliği sahəsində fəaliyyət göstərən, nəzarəti və tənzimlənməni həyata keçirən publik hüquqi şəxsdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Azərbaycan ərazisində innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsini həyata keçirmək, Agentliyin vəsaitindən istifadə qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi Prezident İlham Əliyevin 2018-ci il 6 noyabr tarixli fərmanı əsasında yaradılıb.