• İQTİSADİYYAT

    00:37 22 may 2019

İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinə dair prosedur dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

ONA-nın məlumatına görə, dəyişiklik ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi ilə bağlıdır.

İndiyə qədər İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aşağıdakı hallarda aparılıb:

- ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulubsa;

-ipoteka müqaviləsi müəyyən edilmiş qaydada dövlət qeydiyyatına və qanunla nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alınıbsa;

- ipoteka kağızında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka saxlayanın hüquqlarının məhkəməyə müraciət edilmədən həyata keçirilməsi barədə qeyd olunubsa;

- ipoteka kağızı qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alınıbsa;

- ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyana, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərilibsə, bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əks olunubsa və bildiriş müvafiq reyestrdə təsdiqlənibsə;

- tutmanın yönəldilməsi haqqında bildiriş bu bəndin “d)” yarımbəndində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdə və əsas öhdəlik bu müddətdə icra edilməyibsə.

Dəyişikliyə əsasən, bundan sonra ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” qanuna uyğun olaraq aşağıdakı hallarda aparılacaq:

- ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda;

- ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə;

- ipoteka müqaviləsi dövlət qeydiyyatına və qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda;

- ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda;

- ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” qanunda nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda;

- ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə;

- ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.

İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi aparılacaq.

İndiyə qədər ümumi paylı mülkiyyətdə olan ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi barədə ipoteka saxlayanla bütün mülkiyyətçilər notariat qaydasında təsdiqlənmiş razılaşma bağlaya bilərdilər. Bu müddəa ləğv edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR