Bu ilin əvvəlindən Azərbaycanda təxminən hər beş istifadəçidən biri internetdə müxtəlif kibertəhlükələrlə, hər iki istifadəçidən biri isə lokal (müxtəlif daşıyıcılardan, məsələn, USB-kart) təhdidlərlə üzləşib.
“Kaspersky Lab” şirkətindən ONA-ya verilən məlumata görə, şirkət bu nəticələri yanvarın 1-dən aprelin 30-dək bulud infrastrukturunda “Kaspersky Security Network” (KSN) həllinin qoruyucu komponentlərinin işləməsi barədə məlumatları təhlil edərək əldə edib.
Pul kibercinayətkarların əsas motivasiyadır, buna görə də hücumların əsas vasitələrindən biri bank troyanlarıdır. Kibercinayətkarlar bu vasitələrdən istifadə edərək istifadəçilərdən konfidensial maliyyə xarakterli məlumatları əldə edirlər: bank kartının nömrəsi, onlayn bankçılıq sisteminin hesab məlumatları, korporativ hesaba giriş məlumatları və s. "Kaspersky Lab" şirkətinin araşdırmalarının nəticələrinə görə, ilin əvvəlindən Azərbaycanda təxminən 100-ə yaxın istifadəçi, o cümlədən, müxtəlif təşkilatların əməkdaşları bank troyanlarının hücumuna məruz qalıb.
Bank troyanları və digər zərərli proqramları gizlətmək üçün cinayətkarlar sosial mühəndislik texnikalarından, xüsusilə də fişinqdən (saxta veb-səhifələr, elektron poçt və sosial şəbəkələr mesencerləri) fəal şəkildə istifadə edirlər. Bu vəziyyətin məqsədi istifadəçilərin ayıqlığını pozmaq, aldığı məktuba və ya açıq səhifəyə marağını oyatmaq və bu şəkildə zərərli məlumatı yükləmək və ya gizli məlumatı paylaşmağa vadar etməkdir.
"Kaspersky Lab" şirkətinin məlumatına görə, bu ilin birinci rübü ərzində Azərbaycanda istifadəçilərin 8%-i fişinq hücumlarına məruz qalıb.
Ekspertlər hesab edirlər ki, cinayətkarlar əsasən orta və kiçik biznesə hücum edirlər. Bu ilin ilk dörd ayı ərzində Azərbaycanda istifadəçilərin 11%-i internet üzərindən kiberhücumlara, 30%-i isə lokal hücumlara məruz qalıb.
Kibercinayətkarların kommersiya şirkətlərinə olan marağı təşkilatların hesablarına və pullarına birbaşa çıxış əldə etməkləri ilə bağlıdır. Bu, onlara fərdi istifadəçilərdən əldə etdiyi gəlirlərdən daha çox gəlir əldə etməyə imkan verir. Kiçik şirkətlər isə cinayətkarların işini asanlaşdırır, çünki onlar böyük müəssisələr və korporasiyalardan fərqli olaraq daha zəif kibermüdafiə sistemlərini tətbiq edirlər.
Korporativ istifadəçilərə hücum zamanı cinayətkarlar əsasən fişinqdən istifadə edir. Bu hallarda elektron poçt mesajları daha çox rəsmi məktublara bənzəyir: istifadəçinin adı ilə müraciət olunur, məktubda real şirkət adı, imza və işçinin iddia etdiyi vəzifəsi qeyd olunur, məktubun məzmunu təşkilatın profilinə uyğun qeyd olunur.
"Fişinq və digər kibertəhdidlər həm şirkətlərə, həm də fərdi istifadəçilərə böyük zərər vurur. İnsanlar və təşkilatlar pul və qiymətli məlumatlarını itirir, nüfuzlarına xələl gəlir, sistemlərin və qurğuların bərpası üçün xərcləri yaranır", - deyə “Kaspersky Lab”ın Təhdidlərin Araşdırılması İdarəsinin rəhbəri Timur Biyaçuyev bildirib.