İstehlakçıların sevimli çay markası olan “Azerçay” bu dəfə uşaqları sevindirib. Belə ki, Azərbaycanda ilk təhsil və əyləncə parkı olan “Kinderland”da artıq “çay diyarı” da fəaliyyətə başlayıb. Bu möhtəşəm çay diyarının ilk qonaqları isə “Ümid yeri” uşaq sığınacağından olan azyaşlılar olub. Açılış mərasimi maraqlı anlarla yadda qalıb və gələn qonaqların böyük marağına səbəb olub.
Qeyd edək ki, doğma çayın bu layihəsinin əsas məqsədi uşaqlara çayın tarladan fincana qədər istehsal prosesi və hazırlanma qaydalarının öyrədilməsidir. Guşəni ziyarətə gələn uşaqlara əməkdaşlar tərəfindən çayın növləri, onun fabrikdə necə təbii formada istehsal olunaraq emal edilməsi haqda məlumatlar verilir və bu prosesi özündə əks etdirən animasiya filmi nümayiş etdirilir. Bununla yanaşı yaradılmış xüsusi şərait hesabına uşaqlara çayın tarladan yığım forması öyrədilir və azyaşlılar praktiki şəkildə “sahə”dən çay yığırlar. “Azerçay”ın “çay diyarı”nda uşaqların əyləncəsi bununla da yekunlaşmır. Onların müxtəlif bitki və çay çeşidlərindən ibarət öz məhsullarını hazırlaya biləcəyi guşələr yaradılıb ki, burada hazırladıqları məhsulları özləri ilə evlərinə də apara bilərlər. Buna görə azyaşlılara simvolik “çay eksperti” sertifikatı da təqdim ediləcək. Eyni zamanda yaradılan xüsusi zonalarda qonaqlar müxtəlif fotosessiya da etdirə bilər.