Azərbaycanda kirayə mənzil mexanizmi ilə satılacaq mənzillərin aylıq minimal ödənişləri açıqlanıb.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan "APA-Economics"ə verilən məlumata görə, Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda 297 manatdan başlayacaq.
Kirayə mənzillərə müraciət üçün elektron qeydiyyat 22 yanvar saat 10:00-da başlayacaq.
Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək. Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı “ASAN kommunal” və Sumqayıt “ASAN xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş yazılı və ya video-təlimatla tanış olmaqla əldə etmək mümkündür.