“Fiziki şəxslər 1500 dollara qədər məbləğdə olan qeyri-kommersiya üçün nəzərdə tutulan əşyanı gömrük ödənişləri ödəmədən sadələşmiş qaydada gömrük sərhədlərindən keçirə bilər”.
ONA xəbər verir ki, bunu Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi Sərnişin Dəhlizlərinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov deyib.
O bildirib ki, Nazirlər Kabinetinin 305 saylı qərarının tələblərinə əsasən, eyni əşyadan minimum 2 sayda gətirilməsinə icazə verilir: “Həmin əşyalar artıq olduğu təqdirdə, gömrük əməkdaşı onun kommersiya məqsədli əşya olub-olması şübhəsinə gələ bilər. Əgər əşya kommersiya təminatlıdırsa, Nazirlər Kabinetinin 263 saylı qərarına əsasən müəyyən sənədlər tələb edə bilər”.
Şöbə rəisi dərman vasitələrinin ölkəyə gətirilməsi məsələsinə də toxunub: “Dərman vasitələrinin fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə üçün gətirilməsinə yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş miqdarda və Azərbaycanda qeydiyyatda olan dərman vasitələri olduğu halda icazə verilir. Bunun üçün isə heç bir gömrük ödənişi tələb olunmur. Dərman vasitələrinin 2 ədəd artıq olması kommersiya məqsədini daşımaya da bilər. Nazirlər Kabinetinin 305 saylı qərarının, 1.5 bəndinə əsasən mallara keçirilmə xüsusiyyətindən asılı olaraq gömrük əməkdaşı malın təyinatını müəyyən edə bilər”.