Bu il 3 qurumun yaradılması Azərbaycanda kredit fəaliyyətinin artımına öz tövfəsini verib. Likvidlik sahəsində də pozitiv tendesiyalar var. Pərakəndə sektorda 20% artım olub. Korporativ kreditlərdə isə artım səviyyəsi 7% təşkil edib. Bank sektorunun öhdəliklərinə gəldikdə isə 6%-lik artım qeydə alınıb. ONA-nın məlumatına görə, bunu bu gün "Fitch Ratings" agentliyinin Bakıda təşkil etdiyi tədbirdə çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəsmisi Aytən Məmmədova bildirib.
Onun sözlərinə görə, depozit portfeli sayəsində öhdəlik dərəcəsi yaxşılaşıb. Həmçinin, manatın sabitliyi valyuta ehtiyatlarına yaxşı təsir göstərib. Faiz dərəcəsi yerli valyutada parəkəndə kreditlər üçün 4% azalıb. Bankların xarici borclarına gəldikdə öhdəliklərin azaldığını görmək olar. Ümumilikdə, öhdəliklər bütün kreditlərin 4%-ni təşkil edir.
"Problemli kreditlərlə bağlı qərarın qəbul edilməsi banklara müsbət təsit göstərib. Dollarlaşmaya gəldikdə isə yerli valyuataya etibar artmaqda davam edir. Maliyyə Bazarlarına Nəzarət Platası xarici valyuta kreditlərini və daşınmaz əmlakla bağlı kreditləri məhdudlaşdırıb. Ümumiyyətlə, xarici valyutada kreditlərin verilməsi 1,4% azalıb", - deyə A. Məmmədova əlavə edib.
MBNP-nin rəsmisi onu da bildirib ki, bu il banklar 0,5 mlrd. manat həcmində kapital qoyuluşu həyata keçiriblər. Bundan başqa, adekvatlıq əmsalına baxdıqda bütün bankların minimal kapital tələblərini qarşıladıqlarını görmək olar. Ümumilikdə, bank sektorunun əmsalı kifayət qədər yüksək olub.