“Əslində qanunvericilik texnikası baxımından kənd təsərrüfatı məqsədləri üçün heyvanların adları bir-biri sadalanmaya, ümumilikdə “kənd təsərrüfatı məqsədləri üçün heyvanlar” qeyd edilə bilərdi”.
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Aqrar syasət komitəsində “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova söyləyib.
İ. Qədimova deyib ki, qanun layihəsində dövlət statistikası qeydə alınmayıb: “Çünki qanunvericilikdə daha çox anoloji qanunlara baxılır. Vergilər Məəlləsində kənd təsərrüfatı heyvanları ayrı, ev quşları, arı ailələri ayrı ifadə edilir. Bu səbəbdən bu qanun layihəsində də eyni texnikadan istifadə edilib. Ancaq qanun layihəsində ümumilikdə kənd təsərrüfatı məqsədləri üçün heyvanlar qeyd edilə bilər”.
Nazir müavini bildirib ki, elektron kənd təsərrufatı sistemi qurulub: “Hər gün on minlərlə fermer bu sistemdə qeydiyyatdan keçir. Tapşırıq budur ki, bütün fermerlər elektron kənd təsərrüfatı sistemində olsun. Əslində fermerlərin internetə, sosial şəbəkələrə əlçatanlığı o qədər də yüksək səviyyədə deyil. Biz bunu etiraf etməliyik. Amma müasr dünyanın gedişatı və bir çox amillər tələb edir ki, elektron amilləri bu sahədə də istfiadə edək”.
İ. Qədimova nəzərə çatdırıb ki, kağız üzərində bəzən eyni predmetlə bağlı birdən çox müqavilə bağlanır: “Bu, dövlət vəsaitindən sui-istifadəyə səbəb olur. Amma elektron informasiya sistemində bütün bu hallar aradan qaldırılacaq. Fermer bir təsərrüfata münasibətdə bir müqavilə bağlaya bilər. Əfsuslar olsun ki, bir təsərrüfata, bir torpaq sahəsinə münasibətdə praktikada birdən çox müqavilə bağlanması halları aşkarlanıb. Bu kimi halların qarşısını almaq üçün ən effektli vasitə elektron sistemdir. Vergilərlə bağlı bütün hüquqi və fiziki şəxslər elektron qayada hesabat verdiyi kimi, fermerləri də elektron alətlərdən istifadə etməyə çağırmalı və bunu təmin etməliyik. Bu, birbaşa dövlət vəsaitinin istifadəsi ilə bağlı amildir”.
Qeyd edək ki, bu gün Aqrar siyasət komitəsinin iclasında “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov deyib ki, Dövlət Statistika Komitəsi ilə də əlaqə saxlayıb, maraqlanıb, dövlət statistikasında kənd təsərrüfatı heyvanları deyəndə mal-qara, donuz, at, eşşək, dəvə, qunduz və digərləri nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycanda lama və dəvəquşu yoxdur, saxlanmır, ancaq qanun layihəsində əksini tapıb. Z.Abbasov deyib ki, Abşeronda dəvəquşu gətirib saxlamağa çalışıblar, ancaq o, iqlimə uyğunlaşmayıb və 2013-cü ildə bu iş dayandırılıb. Ekspert onu da bildirib ki, dağda, aranda olan fermerlərin elektron sistemə çıxışı yoxdur.