Azərbaycanın maliyyə sektorunda Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) yaradıla bilər. ONA-nın məlumatına görə, sözügedən məsələ Azərbaycanın kibertəhlükəsizlik strategiyasında qeyd olunub və tövsiyə xarakteri daşıyır.
Söhbət bank, sığorta və digər maliyyə sahələrinin kibertəhlükəsizliyini təmin edən qurumundan gedir ki, onun ölkədə fəaliyyət göstərən digər analoji qurumlarla əməkdaşlığı Azərbaycanda kibertəhlükəsizlik sahəsinin inkişafını daha da möhkəmləndirə bilər.
Hazırda Azərbaycanda səlahiyyət bölgülərindən irəli gələrək, bir neçə CERT fəaliyyət göstərir. Onların sırasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin CERT-i, Xüsusi Dövlət Mühafizə Xidmətinin CERT-i və Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun CERT-dir.
Qeyd edək ki, Azərbaycanın kibertəhlükəsizlik strategiyasında kritik infrastrukturla bağlı yanaşmalar, müəyyən prinsiplər, ölkəyə kibertəhlükəsizlik təhdidləri və bir çox tədbirlər öz əksini tapıb. Sənəd lakonik, geniş əhatəli və mahiyyət baxımından çox faydalı hazırlanıb. Strategiya ötən ilin sonunda Nazirlər Kabinetinin iclasında müzakirə edilib və qəbul olunub. Tezliklə strategiyanın təsdiqlənəcəyi gözlənilir. Sənədin qəbul olunması, ölkədə kibertəhlükəsizlik sahəsinin daha da inkişaf edilməsində böyür rol oynayacaq.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının dərc etdiyi kibertəhlükəsizlik üzrə son reytinqdə 193 ölkə arasında 45-ci yerdə qərarlaşıb.