Nazirlər Kabineti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib.
ONA-nın məlumatına görə, Mülki Məcəllənin 422-ci maddəsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsini ehtiva edir.
Bu Qayda şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqaviləyə təsirinin qiymətləndirilməsi qaydasını tənzimləyir. Bu Qayda satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilədə nəzərdə tutulan və ya onun mahiyyətindən irəli gələn ayrı qaydalarla bağlı hallara şamil olunmur. Eyni zamanda Qayda yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi baş verən vaxt icrası başa çatmamış müqavilələrə şamil olunur.
Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi malların (işlərin və xidmətlərin) qiymətlərinin azalmasına səbəb olduqda satınalan təşkilat dəyişikliyin baş verdiyi gündən 20 bank günü müddətində malgöndərən (podratçı) qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldırır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi malların (işlərin və xidmətlərin) qiymətlərinin artmasına səbəb olduqda - malgöndərən (podratçı) dəyişikliyin baş verdiyi gündən 20 bank günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra bilər. Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 20 bank günü müddətində qarşı tərəfə rəsmi məlumat verir.
Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsiri yalnız malların (işlərin və xidmətlərin) təchizatı qrafiki üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək mallar (işlər və xidmətlər) üzrə qiymətləndirilir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi məqsədi ilə satınalan təşkilat şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsullarından birinə uyğun hesablayır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin artımına səbəb olduqda, malgöndərənin (podratçının) günahı ucbatından vaxtında təchiz olunmamış mallar (işlər və xidmətlər) üzrə qiymətləndirmə aparılmır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin azalmasına səbəb olduqda, malgöndərənin (podratçının) günahı ucbatından vaxtında təchiz olunmamış mallar (işlər və xidmətlər) üzrə də qiymətləndirmə aparılır.
Satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilənin icrası zamanı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsini əsaslandıran sənədlər 5 il müddətdə satınalan təşkilatda saxlanılır. Satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlmədiyi hallar Mülki Məcəllənin 422.2-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 422.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər
- müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
- şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
- müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
- işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.