Əmlak Məsələləri Dövlət Komitəsi mart ayı üzrə keçiriləcək hərraclara ümumilikdə 330-a yaxın dövlət əmlakı çıxarıb.
Komitədən ONA-ya bildirilib ki, bunlardan 82-si səhmdar cəmiyyəti, 224-ü kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 22-si isə nəqliyyat vasitəsidir.
Özəlləşdirilmə hərracları 05, 12, 19 və 27 mart tarixlərində saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Mart ayı üzrə keçiriləcək hərraclarda sərmayəçilər səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketlərini də özəlləşdirə bilər. Səhmdar cəmiyyətlərindən 8-i Yevlaxda, 6-sı Salyanda, 4-ü Kürdəmirdə qalanı isə digər şəhər və rayonlarda yerləşir. Səhmdar cəmiyyətlərinin aid olduğu iqtisadi sahələrə gəldikdə isə onlardan 30-u aqrar, 18-i inşaat, 16-sı sənaye, 12-si nəqliyyat, 6-sı isə xidmət istiqamətində ixtisaslaşıb.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri fəaliyyət istiqaməti, yerləşdiyi ərazi və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m-dən 9,3 min kv.m-ə qədərdir. Sərmayə yatırımları üçün əmlak axtaran investorlar rahatlıqla kiçik dövlət müəssisələri üzrə seçim edə bilər. Bu dövlət əmlakları arasında ictimai iaşə, ticarət, turizm və digər sahələr üzrə səmərəli fəaliyyət üçün obyektlər kifayət qədərdir. Qeyd edək ki, əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılan dövlət obyektləri mehmanxana, anbar, əmlak kompleksi, yeməkxana və digər fəaliyyət sahələrinə aiddir.
Az büdcə ilə biznesə başlamaq istəyənlər seçimini qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 11.9 kv.m ilə 266.7 kv.m intervalındadır. Qeyri-yaşayış sahələrinin yerləşdiyi regionlar da müxtəlifdir. Belə ki, bu növ dövlət obyektlərindən 31-i paytaxtda, 9-u Sumqayıtda, 3-ü Daşkəsəndə, 2-si Sabirabadda digərləri isə Samux, Gəncə, Şirvan, Bərdə və Tərtərdə yerləşir.
Avtomobil sahibi olmaq istəyənlər mart ayı üzrə keçiriləcək hərraclarda istehsal tarixi 1999-2014 olan nəqliyyat vasitələrinin özəlləşməsində iştirak edə bilər. Avtomobillərə təyin olunmuş ilkin hərrac qiymətləri 1440 manat ilə 10 min manat arasındadır.
Özəlləşməyə çıxarılan yarımçıq tikililərdən 3-ü Cəlilabadda, 2-si İsmayıllıda, digərləri isə Ağstafa, Lənkəran, Sabirabad və Mingəçevirdə yerləşir.
Növbəti ayın hərraclarında iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Elektron resurslarda bütün dövlət əmlakları haqqında ətraflı məlumat və müraciət linki yerləşdirilib. Qeyd edək ki, iştirak statusu qazanmış şəxslər və prosesə marağı olan vətəndaşlar məkana gəlməklə bərabər, onlayn formada da hərraclarda iştirak edə bilər. Elektron hərraclara qoşulmaq istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 36-cı bölməyə- “Elektron hərrac” xidmətinə daxil ola bilər.