“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən növbəti tədbir keçirilib.
ONA-nın MBNP-yə istinadən verdiyi məlumata görə, tədbirdə IFC-nin məsləhətçi eksperti Saçin Bansal tərəfindən elektron bankçılıq xidmətləri və onların inkişafı sahəsində çalışan bank mütəxəssisləri üçün “Rəqəmsal maliyyə texnologiyalarının təchizatçıları tərəfindən alternativ xidmət kanallarından istifadə” mövzusunda seminar keçirilib.
Tədbirdə elektron və rəqəmsal maliyyə xidmətləri, rəqəmsal maliyyə xidmətlərinin göstərilməsi üzrə tətbiq edilən alternativ xidmət kanalları və onların xüsusiyyətləri, alternativ xidmət kanallarının tətbiq edilməsi üzrə beynəlxalq təcrübə haqqında iştirakçılara geniş məlumat verilib, suallar cavablandırılıb.