Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və "Raiffeisen Bank International" arasında kapital bazarlarının, depozit və klirinq-hesablaşma əməliyyatlarının təkmilləşdirilməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
ONA-nın məlumatına görə, memorandumu Palatanın İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov və "Raiffeisen Bank International"ın Qiymətli kağızlar xidmətləri qurumunun rəhbəri Attila Szalay-Berzeviczy imzalayıblar.
"Raiffeisen Bank International" Mərkəzi və Şərqi Avropada qiymətli kağızlar üzrə ticarət sonrası sistemi və kastodian xidmətləri yüksək səviyyədə təklif edən banklardan biridir. Palata tərəfindən xarici investorların yerli bazara cəlb edilməsi məqsədilə Milli Depozit Mərkəzi ilə "Raiffeisen Bank International" arasında nominal saxlayıcı hesablarının açılması nəzərdə tutulub.
Tədbirdə çıxış edən İ. Alışov bildirib ki, "Raiffeisen Bank International" ilə əməkdaşlığın aparılması və qarşılıqlı depozit linklərinin qurulması nəticəsində bankın xidmət göstərdiyi iri institusional investorlar, investisiya fondları, iri broker və diller şirkətlərin Azərbaycan qiymətli kağızlarına ölkəyə gəlmədən və depo hesab açmadan nominal saxlayıcı hesabatları vasitəsilə investisiya etməsinin mümkün olacaq.
Eyni zamanda tədbirdə Palata tərəfindən "qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli"nin təqdimatı keçirilib və modelin tətbiq edilməsi üzrə "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş" imzalanıb.
Yeni model qiymətli kağızlar bazarında hesablaşmaların kommersiya bankları tərəfindən həyata keçirilməsi, hesablaşma rejimlərinin optimallaşdırılması və ümumilikdə hesablaşma prosesin iştirakçıları arasında münasibətlər sisteminin tamamilə müasir və mütərəqqi prinsiplər əsasında yenidən formalaşdırılmasını nəzərdə tutur.
İ. Alışovun sözlərinə görə, qiymətli kağızlar bazarında aparılan əməliyyatlar üzrə pul hesablaşmalarının kommersiya bankları tərəfindən həyata keçirilməsi bazarda bir sira fundamental yeniliklərə səbəb olacaq.
Yeni modelin tətbiqi nəticəsində investisiya şirkətləri ilə kommersiya bankları arasında faydalı, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşmasına zəmin yaranır və hesablaşma risklərinin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş bütün mexanizmlərin real tətbiqi imkanları artır.
Yeni modelə əsasən, hesablaşma zamanı aktivlərin əvvəlcədən deponentləşdirilməsinə zərurəti qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq qiymətli kağızların təkrar bazarında tamamilə aradan qalxacaq, bu da öz növbəsində bazarda likvidliyin daha səmərəli tənzimləməsini təmin edəcək.
Bundan başqa, yeni modelə əsasən, səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazlarında da təkrar bazar əqdləri üzrə hesablaşmaların "T+0" rejimdən "T+1" rejiminə keçirilməsi müəyyən edilib.