Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabat formalarının daha da optimallaşdırılması ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub. Vergilər Nazirliyindən ONA-ya verilən məlumata görə, yaxın gələcəkdə hesabatların modifikasiya olunaraq vahid formada verilməsi və daha da sadələşdirilməsi istiqamətində işlər aparılır.
Qeyd edilib ki, Nazirlik tərəfindən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat"ın yeni formaları, onların tərtib edilməsi qaydaları təsdiq edilib. 2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub.
Hesabat təqdim edilən zaman vergi ödəyicisinin bir sıra məlumatları hesabatda əks etdirməsi vacibdir. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən hər bir sığortaolunanın muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə yeni bölgüdə tutulmalar göstərilməlidir.
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajı bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddətə görə hesablandığı üçün “İşsizlik sığortası üzrə rüblük hesabat"ın formasına rüb ərzində əmək haqqı və gəlir hesablanmış, eləcə də hesabına işsizlikdən sığorta haqqı ödənilmiş sığortaolunanlar (işçilər) barədə məlumatlar əlavə edilməlidir.
“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ı və “İşsizlik sığortası üzrə rüblük hesabat"ı həm kağız, həm də elektron qaydada təqdim etmək mümkündür.