Mərkəzi Bank və Veysəloğlu Şirkətlər Qrupu arasında görüş olub. İşgüzar görüşdə Mərkəzi Bankın rəhbərliyi və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) nümayəndələri iştirak ediblər.
ONA xəbər verir ki, “İnflyasiya və tədarük zənciri” mövzusuna həsr edilmiş görüş eyni zamanda özəl sektor ilə dövlət qurumu arasındakı əməkdaşlığın inkişaf etdirilməsinə də xidmət etmək məqsədi daşıyıb.
örüş zamanı qlobal inflyasiya, həmçinin tədarük zənciri ilə bağlı proseslərin qiymətlərə təsiri əsas müzakirə mövzularından biri olub. Qeyd edilib ki, Mərkəzi Bankın əsas məqsədi qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.
“Veysəloğlu” nümayəndələri bildirib ki, 1300-dən çox mağaza ilə gündəlik 650,000-dən çox müştəriyə xidmət göstərən Şirkətlər Qrupu qlobal qiymət artımı fonunda dövlətimizin antiinflyasiya tədbirlərinə dəstək olaraq, qiymət artımı ilə öz imkanları daxilində mübarizə aparır.
Görüşdə həmçinin indekslərin ölkə iqtisadiyyatına töhfəsi barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, marketlərində qiymət dəyişikliklərini şəffaf şəkildə göstərmək məqsədilə ötən ildən etibarən “Veysəloğlu Pərakəndə İndeksi” hesabatı hazırlanır və hər ay ictimaiyyətlə paylaşılır.
Şirkətlər Qrupu həmçinin tədarük zəncirinin idarəedilməsi istiqamətində də yeni layihələr həyata keçirir. Müştərilərinə təqdim olunan məhsulların təzəliyinin qorunması məqsədilə Veysəloğlu Şirkətlər Qrupu bu ilin sonuna qədər hazır olacaq dünya standartlarına cavab verən təzə və dondurulmuş məhsullar üçün logistika mərkəzinin yaradılmasına 25 milyon manat yatırım edib.
Görüşdə ölkənin qida təhlükəsizliyinin təmin olunmasına töhfə və dəyər vermək naminə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulanıb.