Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan “Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi” prioriteti çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən “Ani Ödənişlər Sistemi”nin yaradılması layihəsi üzrə işlər plan əsasında davam etdirilir.
ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, layihənin icrası üzrə cari mərhələdə Milli Ödəniş Sistemi İnfrastrukturuna inteqrasiya olunacaq informasiya resurslarından QR-ödənişlərinin aparılmasında istifadə olunması məqsədilə fiziki şəxslər və təsərrüfat subyektləri üçün nəzərdə tutulan QR Code (Quick Responce Code - informasiyanın ISO 18004 standartı əsasında 2 ölçülü ştrix-kod şəklində təsvir olunmuş forması) standartlarının layihəsi hazırlanıb.
Azərbaycan və ingilis dillərində hazırlanmış layihələr, həmçinin QR Code standartları üzrə tez-tez verilən suallara cavablar Mərkəzi Bankın internet saytının “Hüquqi sənədlər/Layihələr” alt-bölməsində yerləşdirilmişdir (https://www.cbar.az/page-55/azrbaycan-uzr-qr-code-standarti). QR Code standartları üzrə təqdim olunan layihələr barəsində 31 may 2019-cu il tarixinə kimi irad və təkliflər [email protected] elektron poçt ünvanına göndərilə bilər.