Bu il Azərbaycanda Mərkəzi Bankçılığın yaranmasının 100-cü ildönümü və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Dövlət Neft Fondunun yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanları tədavülə buraxılıb.
“APA-Economics”in AMB-yə istinadən verdiyi məlumata görə, yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31,1 qram (+0,1 qram), diametri isə 38,61 mm təşkil edir. Pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.
Mərkəzi Bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda AMB-nin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, Azərbaycan manatının simvolu və eləcə də milli naxış və ornamentlər təsvir olunub.
Azərbaycan Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Fondun inzibati binasının təsviri, loqosu, Azərbaycan və ingilis dillərində “Azərbaycan Respublikası Dövlət Neft Fondu” və “20 il” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi, aypara və eləcə də milli naxış və ornamentlər təsvir olunub.
Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.