Dubayda təşkil olunan “Future blockchain summit”də Azərbaycan Mərkəzi Bankı (AMB) pilot olaraq reallaşdırdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin təqdimatını keçirilib.
ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, ABŞ, Almaniya, BƏƏ, İngiltərə, Çin, Rusiya, Estoniya, Malta və digər ölkələrdən 170 eksponentin və 14 min iştirakçının qatıldığı “Future blockchain summit”də blokçeyn, əşyaların interneti, "Big DATA", süni intellekt və s. müasir innovativ həllərin sərgisi keçirilmiş və bu innovasiyaların müxtəlif ekosistemlərdə real tətbiqləri barədə çıxışlar edilib.
Sammitdə Mərkəzi Bank tərəfindən reallaşdırılan blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin məqsədi və tətbiqi nəticəsində əldə ediləcək faydalar barədə məlumat auditoriyanın diqqətinə çatdırılıb. IBM və "Lenovo" şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində yaradılan informasiya sistemi məsafədən bank xidmətlərinin təqdim edilməsi və müştəri-bank münasibətlərinin tam elektronlaşdırılmasına imkan verəcək.
Sammit iştirakçılarının ciddi marağına səbəb olmuş təqdimat nəticəsində uzaq və yaxın qonşu ölkələrin nümayəndələri Mərkəzi Banka səfər arzusunda olduqlarını, o cümlədən blokçeyn – paylanılmış reyestr texnologiyasının bank sistemində tətbiqi üzrə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.